Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Sevda İsmayıllı

Yeni il. Qar və ala qarğa haqqında...

SEVDA İSMAYILLI

SEVDA İSMAYILLI

31.12.2009
Mənə ən böyük şam ağacını verin!

Yalan nə söyləyim, Yeni il gecəsini sevirəm. Ta uşaqlıqdan.
Allah-allah, Sovetlərin, Raykin demiş, “defisit”li vaxtlarında Yeni il keçirmək elə bilirsiniz asan idi? Bizim uşaqlığımızda Yeni il oyuncaqları qıt idi. İndiki kimi metro keçidlərindən belə ürəyin nə istəyir (ürəyinə yox, cibinə uyğun), al-bəzə, hardaydı?..

Yazıq “xoşbəxt” sovet uşaqları (o vaxtlar bizlərə belə deyirdilər) Yeni ilin gəlməyinə 10-15 gün qalmış başlayardıq tədarükə. Tək-tük oyuncaqlarımız olardı. Bəs bağdan qırılmış o yekə şam ağacını nə ilə bəzəyəsən? Ağlayıb özümü öldürürdüm ki, mənə ən böyük ağacı kəssinlər. Kəsirdilər də. Bəs bunu nə ilə bəzəyəcəksən, ay Sevi? Dərsdə otura bilmirdim. Fikrim qalırdı Şaxta babanın və Qar qızın yanında. Onların toplaşdığı şam ağacının dövrəsində...

AĞACDAN KONFET ASARDIQ, PEÇENYE...

Hətta alma, mandarin (naringi) asmağımız yadıma gəlir. Yenə budaqlar boş qalardı... Onda yaradıcılığa keçərdik. Kağızdan bayraq formalı asqılar kəsər, rəngli karandaşla rəngləyər, sapa keçirib şam ağacını dövrələyərdik. Sonra kimin yolkası daha gözəldir söhbəti qızışardı...
Bir də allahdan arzu edərdik ki, Yeni il gecəsi qar yağsın...

Allah da, eynən öz uşaqlarına oyuncaq düzəldə bilməyən hökumət kimi, arzumuzu gözümüzdə qoyardı...

QAR YAĞMAZDI...

Ya da tək-tək, xəsisliklə yağardı.
Ana olandan sonra uşaqlıqda tamarzı qaldığım hər şeyin əvəzini çıxdım.
Balalarıma saysız oyuncaqlar aldım.
Yolka ağacının altına az qala özləri boyda Şaxta babalar, Qar qızlar qoydum.
Onlarla birgə atılıb-düşdüm, təzə ilin dadını çıxardım.
Yalançı “qarlar” yağdırdım.
Amma əsl qar yağdıra bilmədim...

ƏSL QAR 2008-Cİ İLİN YENİ İL GECƏSİNDƏ YAĞDI...

2008-ci il dekabrın 31-də düz saat 12-də mən həmişəki kimi canlı efirdəydim.
“Can Bakı” proqramı FM tezliyində son dəfə yayımlanırdı.
Mən heç bir Yeni il tədarükü görməmişdim. Evdə heç nə bişirməmişdim.
Nə ənənəvi yeni il ağacı vardı, nə üstündə Şaxta baba olan yeni il tortu, nə də qızardılmış hindi.
Bayırda qar yağırdı...
Canlı efirdən son dəfə dinləyicilərə səslənirdim.
“Azadlığ”a xarici radio damğası vurub onu efir məkanından çıxaranlara mesaj göndərirdim.
“Azadlıq” necə xarici radio oldu? - sualını qonaqlarımla birgə cavablamağa çalışırdım.

55 illik mücadilə tariximizi vərəqləyirdim. Radionun yaranmasında, yaşamasında əməyi olmuş kəsləri xatırladırdım.

Qanına qəltan olmuş Fətəlibəylini, Üzeyir bəyimizin doğmaca qardaşı, vətən həsrətiylə Parisdə dünyadan köçən Ceyhun bəyi, sən demə Vətəndə bir oğlu olduğunu çox-çox uzun illərdən sonra öyrənən, görüşə yola düşən gün ürəyi partlayan Məcid Musazadəni (Qarasanlı), onun Azərbaycanda eyni aqibəti yaşayan oğlunu anırdım.

Dinləyicilər efirimizə aramsız zənglər edirdilər. Mənim : «Azadlığ»ı nə vaxtdan dinləyirsiniz? -sualımı cavablandırırdılar. İnanmayacaqsınız, onların arasında 50-ci illərdən bu radioya qulaq asanlar var idi... Hətta dinləyicilərdən biri “mən sizin həyat yoldaşınızın qohumuyam, yadınızdadır, illər öncə sizə gəlmişdim, Azdramanın yanında yaşayırdınız o vaxt?”- deyəndə hamımız qəhqəhə çəkib gülüşdük də. Heç elə bil bu sonuncu görüş deyildi...

DİNLƏYİCİLƏR BİZƏ TELEFONLA QULAQ ASIRDILAR

FM alınanadan sonra “Can Bakı” iki ay da internetdə yayımlandı. Bizə qulaq asa bilməyən dinləyicilər studiyaya zəng çalır, “nə edək, neyləyək” deyirdilər. “Heç olmasa, qoyun telefonla dinləyək”- söyləyirdilər. Canlı efir telefonundan söhbətimizi eşidib rahatlanırdılar. İnternet-kafelərə gedib bizi dinləyirdilər, oradan mesaj çəkirdilər. Zəng vurub: “Bu gün Can Bakının mövzusu nədir?”-deyə sorurdular (Dinləyə bilməyəcəyin bir verilişin mövzusu necə maraqlı ola bilərmiş, görəsən?)

Mən görülən işi şişirtmək fikrində deyiləm. İnanın, yazdıqlarımda zərrə qədər yalan yoxdur. Biz adi bir KİV-in görməli olduğu işi görürdük. Qeyri-adi heç nə eləmirdik. Bəs nədən bizə belə heyranlıqla qulaq asırdılar? Niyə bu qədər TV-si, FM radiosu olan məkanda iki ilin içində biz seçilib-ayrıldıq?

NƏDƏN AZADLIQRADİOSU AZ QALA TELEVİZİYA HALINA GƏLMİŞDİ?

Bizi sanki “görürdülər”. Cəmiyyət radionun şah dövrünə qayıtmışdı, elə bil 30-40-50-ci illər idi. Əli hər yerdən üzülmüşlər o boyda televiziya, radio məkanında bizi seçmişdilər. Bizi maşınlarda, taksilərdə, evlərdə, hətta dükanlarda dinləyirdilər. Bir dəfə işdən evə qayıdırdım, saat 3-ə beş dəqiqə qalmışdı. Bir marketə girib alış-veriş etmək istədim. Satıcı “Can Bakı”nın təkrarına qulaq asırdı. Bir-iki sual verdim, gördüm narazı-narazı üzümə baxır ki, niyə imkan vermirsən qulaq asmağa. Bərkdən gülüb heç nə demədən çıxdım. Satıcı da arxamca təəccüblə baxa-baxa qaldı...

BİZİ HƏBSXANALARDA DİNLƏYİRDİLƏR...

Hətta məktublar göndərirdilər. Ailələri vasitəsi ilə. Nahaq yatanlar -- bizə kömək edin-deyə nalə çəkirdilər. Gümanımız sizədir-yazırdılar. Mirzə Sakit deyir ki, ancaq bizim radionun sayəsində zindanda olduğunu unudurmuş...Həbsxana həyatımız ikiqat azalırdı elə bil-deyir Sakit bəy—günümüzü ikiyə vururdunuz. Barakda hamımız yığışırdıq. Səhər verilişindən tutmuş, ta gecəyə qədər—hamısını dinlərdik. FM susdurulanda, çox pis olmuşduq. Məftildən-zaddan tapıb birtəhər SV-yə qulaq asmağa başladıq.

İndi Sakit bəy həbsxana həyatından kitab yazır. “20 səhifəsi sizin radiodan olacaq”.
Daha bir keçmiş məhbus -- bu günlərdə bir tədbirdə rastlaşdığım Rafiq Tağı eyni fikirləri söyləyir, ancaq səsini tanıdığı bizləri adbaad sadalayırdı...

CƏMİ İKİ İL DÖZƏ BİLDİLƏR

Əvvəl ən yüksək səviyyədə radionun ən yüksək görəvlisinə fikir bildirildi.
Sonra “xarici radio” söhbəti başlandı.
Həmin “xarici radio” illər boyu bu milləti Sovetlərin əsarətində olan “məzlum xalq” adlandırmışdı.
Ona keçmişini, Cümhuriyyətini xatırlatmışdı.
Cümhuriyyətinin himnini eşitdirmişdi.
Müstəqilliyə, Azadlığa səsləmişdi.
Demokratiya, Plüralizm məfhumunun varlığını bildirmişdi.
Qara yanvarda yeganə söz yeri, ümid yeri olmuşdu.
Bütün bunlardan sonra özləri verdiyini iki il sonra özləri də aldılar.
Sərf etmədi...
Amma o iki il yetərdi ki, dinləyici əsl KİV-in nələr etməli olduğunu anlasın.
Bu iki ildə biz Məhəmməd Əmin Bəy demiş “azadlığı dadızdıra” bildik.
Ən önəmlisi bu idi!

AZADLIĞIN DADINI DADMIŞLAR BİZDƏN ƏL ÜZMƏK İSTƏMİRDİLƏR...

İnanın, çox böyük enerji sərf etdik. Gələn aramsız zəngləri necə cavablandıracağımızı bilmirdik. Dinləyicilər bizi buraxmaq istəmirdilər. Bu barədə “Günahsız Abdulla” adlı yazım da var. İndiyəcən də zəng vuranlar, dərdlərini danışanlar, hətta bayramlarımızı təbrik edənlər var. Onların hamısına sonsuz təşəkkürlər!

2009-UN QARSIZ YENİ İL GECƏSİ...

İlin son saatlarıdır.
Qar da ki, yenə “defisit”...
Yazını tamamlayıb, analıq görəvimin başına keçirəm.
Qarsızlığa dözmək olar. “Ala qarğa”ların yoxluğuna dözmək çətindir.
Bu boyda məmləkətdə bütün qurğular eyni şeyi deyir, hamı eyni şeyi eşitmək məcburiyyətində qalır.
Millət ala qarğanın həsrətindədir.
Zatən tarix boyu ala qarğalar həm “defisit”, həm də başıbəlalı olub...
Qar da həmçinin...
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Baki vurgunu Şəhər: Houston, USA
13.01.2010 23:39
Sevda xanim yazdiglarinizdan ele melum olur ki, biz eyni ushaglig dovrunun numayendeleriyik. Sag olun ki, meni de chekib o vaxtlarin (chetin de olsa) xosh teesuratlarini yada salmaga sebeb oldunuz. Sizin sevimli aktrisamiz Leyla xanim haggindaki megalenizi de oxudum. Sevinirem ki,sizin kimi tariximizi, medeniyyetimizi jada salan ve javan nesllere chatdiran gezel xanimlarimiz var. Hermetle, Dilara

Kimdən: Vətəndaş Şəhər: Bakı
03.01.2010 18:00
Moderatora: Azadlıq radiosu bundan da xoş sözlərə layiqdir və bu kompliment deyil. Bir qeydim var: niyə ingiliscə "click" sözündən "klik etmək" yaradıb işlədirsiniz (tutaq ki, bu fel bizdə yoxdu, çünki geri qalmışıq), amma türkcədən tıklamaq felinə çəpəki baxırsınız? ()
Cavab

Kimdən: Moderator
03.01.2010 18:58
Qeydlərinizi, zəhmət olmasa, azadliq@rferl.org elektron ünvanına göndərin...

Kimdən: Aynur Şəhər: Baki
03.01.2010 02:30
Bu chox tesirli yazi oldu, Sevda Xanim. Kovreltdiz meni. Ne deyim?! Hech ne demek gelmir ichimden, sanki sozler bitib tukenib... Amma bunu urekden deyirem, ellerinize sagliq, ureyinize, ruhunuza sagliq! Ne yaxshi ki, varsiniz!

Kimdən: Fuad Aziz Şəhər: UAE (Abu Dhabi)
02.01.2010 15:13
Salam Sevda xanim.
Sizi ve butun AZADLIG radiosunun ishcilerini tebrik edirem.Burda ayri sechkilik salmaq istemezdim amma Xedice xanima, Mehriban xanima, Durna xanima,Seadet xanima,Kebiran xanima,Esmira xanima,Babek beye, Maarif beye,Ilqar beye, Abbas beye xususi tebriklerimin catdirilmasinin ricasinda bulunardim.
AZADLIG menim ve burda yashayan butun azerilerinin gundelik heyatinin bir parchasidir.Ishimizde AZADLIG,ishden sonra evde de AZADLIG.Teshekkurumuzu bildiririk,yeni yeni ugurlar arzulayiriq ve tebii ki ALLAH amaninda deyirik.
Saygilarimizla:

Kimdən: ILHAM ISMAYIL
02.01.2010 05:13
Yalanci qari yaqdirmaq olar,ama yalanci "ala qarqa" olmur.Ala qarqa olmaq ucun imtina etmeyi bacarmalisan.Icindeki azadliq hissleri,edalet hissleri olanlar nelerdense imtina edende olurlar "ala qarqa",cunki onlar defisitdiler bu memleketde."Azadlig" da ala qarqadi,yerde qalan qurgular tutuqushu.Tutuqushu bezeklidi,ama oz azad sozu yoxdu,bashqalarinin dediyini tekrar edir,ayri soz deye bilmez,dese ala qarga olar.Ola bilmirler! O bezekden imtina edib bir defe oz sozunu deye bilmek bu olkenin adamlarinin coxuna yaddi.Onlar tutuqushu olmagi secdiler.Ama ferqe baxin.Tutuqushular butun bezeklerile qefesde yashayarlar,ala qargalar azad goylerde.Ne mutlu AZADLIGI secenlere!

Kimdən: azerinden Şəhər: Azerbaycandan
01.01.2010 23:42
Salam EZIZ AZADLIG,Sevda xanim,Butun tanidigim-tanimadigim Emekdashlar!
Sizi Tebrik edirem,hamimizin adindan!
Size can sagligi,xoshbaxtlig,sebr,choxlu pul arzu edirem.
Gelen il xalgimiza gozel xeberler vermey,shexsi xoshbaxtlig,istediklerinizi ezizlerinizi sevindirmey,onlarin xoshbaxtligini Size arzu edirem!
Heyatiniz mocuzelerle dolu olsun,subay olanlariniz evlensin,sevgi gismetiniz olsun-INSHALLAH!AMIN!
TESHEKKURLER-Sagoluz ishiniz uchun!
ALLAH Amaninda.

Kimdən: Nailä Şəhər: Almaniya
01.01.2010 20:46
Yeni ilin ilk günü aydin!Sewda,säni wä bütün radio ishcilärini ,bizim "Radio F.R.E.i ishciläri adindan Yeni ilinizi täbrik edirik.Bu Yeni ilin än böyük sham agaci(Azadlig radiosu) ,än än gözäl bäzäk oyuncaglari(kecmisimizä bagli dadli,duzlu mägalä wä shärhlärin) artig sänin olub.Sänin iic dünyani özündä yasadan yaradicilig dünyanda ugurlar arzulayiram.

Kimdən: Turkay
01.01.2010 02:16
Hormetli Sevda xanim ve Azadliq- in butun emekdashlari bayramlarinizi tebrik edir, sizlere heyatinizin butun sahelerinde ugurlar arzulayiram. Gosterdiyiniz butun xidmetler uchun emin olun ki, sizlere minnetdar olanlar var.Siz onlarin sesini eshide bilmeseniz de onlar sizi eshidir.
Azadliq - Eziz dost her axsham qaranligi qatilashanda , dalgalar sahile vurarken senin boyuk fikirlerinin sukutunu esidirem.
Cavab

Kimdən: Moderator
01.01.2010 02:24
Xoş sözlərə görə təşəkkür edirik!