Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:42

Verilişlər / Kontekst

Teatrlara gedənlərin sayı niyə azalır?

Opera və Balet Teatrı səhnəsində «O olmasın, bu olsun», 17 oktyabr 2006

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Həsən bəy Zərdabi Bakı Real Gimnaziyasında dərs deyərkən şagirdlərini yığdı və 1873-cü il martın 10-da Mirzə Fətəli Axundovun «Vəziri Xani Lənkəran» əsərini tamaşaya qoydu. Bununla da Azərbaycanda Milli Teatrın təməli qoyuldu. Martın 10-da Azərbaycanda Milli Teatrın yaranmasından 137 il ötür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, teatra gedənlərin sayında azalma müşahidə olunur. Əgər 2000-ci ildə hər 1000 nəfərdən 117-si teatra gedirdisə, 2008-ci ildə bu 66 nəfər olub. Teatrlara gedənlərin sayı niyə azalır? Bunun səbəblərini Bakı küçələrində rastlaşdığım sakinlər belə izah etdilər:

İMKAN OLMUR TEATRLARA GETMƏYƏ


«Çoxdandır teatrda olmamışam. O vaxtlar tez-tez gedərdik teatra, teatrla maraqlanardıq. Axır vaxtlar yazıçılar maraqlı tamaşalar qoymurlar. Ona görə də teatrlara maraq azalıb».

«Teatrda heç olmamışam. İş çox olur, ona görə də imkan olmur teatrlara getməyə».

«Mənim heç yadıma gəlmir teatra nə vaxt getməyim. Teatra biletlər elə qiymətə satılır ki, kasıba əl vermir. Gedib baxanlar da pulu olanlardır».

Sumqayıt Dram Teatrı
«Teatra yolumuz az-az düşür. Məsələn, Azərbaycan Milli Dram Teatrında «Varlı qadın» tamaşasına çox baxmışam, artıq tamaşa mənə maraqsız gəlir. Eyni tamaşanı təkrar-təkrar nə qədər qoymaq olar? Maraqlı tamaşalar qoymurlar».

«Maddi imkanımız olsa, əlbəttə teatra getmək istəyərik. Vəziyyət elə gətirib ki, elə fikirləşirsən ki, nə edəsən evinə çörək pulu aparasan?».

TEATRLAR TAMAŞAÇI BAXIMINDAN KORLUQ ÇƏKİR

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin rəhbəri Xalid Kazımov deyir ki, paytaxtdakı teatrlarla müqayisədə region teatrlarının vəziyyəti daha ağırdır. Bunu Gəncə, Şəki, Qax, Mingəçevirdə yerləşən teatrlarda aparılan monitorinqin nəticələri göstərir:

«Əsasən teatr binalarının vəziyyəti, aktyor, rejissor, texniki işçilərin sosial durumunu araşdırdıq. Eyni zamanda olduğumuz hər dörd şəhərdə əhali və teatr işçiləri arasında sorğular keçirdik. Məlum oldu ki, region teatrlarının binalarının vəziyyəti normal deyil, həm də teatrlar tamaşaçı baxımından korluq çəkir. Qax rayonundakı Qax-Gürcü Dövlət Teatrının zalında oturmaq belə mümkün deyil».

Vaqif İbrahimoğlu
Azərbaycan Dövlət «Yuğ» Teatrının rejissoru Vaqif İbrahimoğlu teatr sahəsindəki mövcud problemin tezliklə aradan qaldırılmasına ümid etmir:

PROBLEM SİSTEMLİDİR

«Problemə sistemli yanaşmaq lazımdır. Əgər bu sistemdə nə isə böhran, problem xarakterli hadisələr aşkarlanıbsa bunların da səbəbi sistemlidir. Hazırda sistem dəyişir, amma dəyişmə istədiyimiz qədər sürətli və dinamik deyil. Bu xəmir hələ çox su aparacaq».

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat Xidmətinin rəisi İntiqam Hümbətov isə deyir ki, Azərbaycanda teatrların inkişafı üçün kompleks tədbirlər həyata keçirilir:

«Ölkə prezidenti Azərbaycan teatrında islahatların aparılmasına dair 2008-2018-ci illərdə dövlət proqramı haqda sərəncam verib. Bu əsasən teatrlarda kadr potensialının inkişafı, gənc kadrların, yeni dramaturqların, rejissorların cəlb olunması, teatr binalarının təmiri, yeni əsərlərin cəlb olunması kimi kompleks tədbirlərdir. Bu tədbirlərin nəticələrini zaman ötdükcə biz görəcəyik».

Azərbaycanda ümumilikdə 27 dövlət teatrı fəaliyyət göstərir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Bahar Haradan: Baki
11.03.2010 01:31
"Bu şəhərdə" ve "Parni iz Baku" uzaq basi sefer vaxti avtobuslarin ekranlarinda vaxti "öldurmek" isine yarayir...ve bir de onlari yaradanlara corek pulu qazanmaga...
Teatra sehnede baxmaq lazimdir hem de pesekar aktyorlarin ifasinda.
Kinoya getmek,filme baxmaq da yaxsidir,amma teatr tamam basqa bir alemdir.Filmin lentleri cekilisden sonra minlerle tamasaci ucun tekrar tekrar firladilir Teatr sehnesinde artist senin ucun her defe basdan,yeniden onayir !
"Bu şəhərdə" ve Parni iz Baku gundelik heyatda ,rastlasdigin hadiselere bir daha baxib tanidigin simalara benzedib tekrar gulmekdir.
Teatr ise boyuk medeniyyetdir!

Kimdən: Məmmədnəsir
11.03.2010 00:07
Bu günün teatrı Parni iz Baku-dur. Gördüyümüz kimi, onların tamaşaları həmişə anşlaq olur. Məsələləri çox da romantikləşdirmək lazım deyil.

Kimdən: Anonymous
10.03.2010 21:50
"Bu şəhərdə" var bizə maraqli tamaşalar nədı heç teatr binalarida lazim deyil.