Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


HAQQIMIZDA



«Azadlıq» radiosu – ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün «Azadlıq» radiosunun verilişlərini dinləyir.

«Azadlıq» radiosunun Azərbaycan xidmətinin ilk verilişi 1953-cü ildə Almaniyadan, Münhen şəhərindən efirə çıxıb.
1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə «Azadlıq» radiosu Münhendən Praqaya köçüb. 

«Azadlıq» radiosu Çex Respublikasının paytaxtı Praqadakı yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır. «Azadlıq» radiosunun 23 redaksiyası vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif yerlərindən aktual reportajlar hazırlayan 1400-dən çox ştatdankənar müxbirlə əməkdaşlıq edir. 2004-cü ildən «Azadlıq» radiosunun Bakıda da bürosu rəsmi fəaliyyət göstərir. 

«Azadlıq» radiosu aşağıdakı dillərdə verilişlər yayır: avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna.

Eston, latış, Litva, polyak, slovak, macar və çex xidmətləri öz missiyalarını başa vurub, yayımlarını dayandırıblar.

«Azadlıq» radiosunun missiyası

«Azadlıq» radiosunun missiyası xəbərlər və ideyalar yaymaqla demokratik dəyərlər və institutları dəstəkləməkdən ibarətdir.

Mərkəzi Avropadan tutmuş Sakit okeana, Baltik dənizindən Qara dənizə, Rusiyadan Mərkəzi Asiya və Fars körfəzinə qədər xalqlar despot – istibdad rejimlərdən qurtulmaq üçün mübarizə aparırlar. Onlar insan haqlarının pozulmasına və mərkəzləşdirilmiş iqtisadiyyata qarşı çıxır, etnik və dini zəmində qarşıdurmaları və regional münaqişələri həll etməyə, kütləvi informasiya vasitələrinin müstəqilliyinə nail olmağa çalışırlar. Bu regionda demokratik dəyərlər və azad bazar iqtisadiyyatına əsaslanan sabitlik bütün dünyada sülh əldə etməyin vacib şərtlərindəndir.

«Azadlıq» radiosu bu qənaətdədir ki, demokratiyanın əsas şərti yaxşı məlumatlandırılmış cəmiyyətdir. Adıçəkilən regionda alternativ radioyayımlar sahəsində təqribən 50 illik təcrübəsi olan «Azadlıq» radiosu –

 
  • Obyektiv informasiyanı təmin edir. Həmçinin, demokratiyaya çatmaq və bazar iqtisadiyyatına keçmək yolunda daxili və regional problemlərin təhlili və müzakirəsinə şərait yaradır.
  • Demokratik dəyərləri dəstəkləməklə region ölkələrində vətəndaş cəmiyyətini möhkəmləndirir
  • Etnik və dini dözümsüzlüyün təzahürləri ilə mübarizə aparır və xalqlar arasında qarşılıqlı anlaşmaya yardım edir
  • Yerli kütləvi informasiya vasitələri üçün nümunədir, onların müstəqilliyinə və işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına yardım edir: Həmçinin, yerli informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirir.
  • Region ölkələri ilə dünyanın inkişaf etmiş demokratiyaları arasında daha sıx əlaqələrə yardım edir. 
 
«Azadlıq» radiosunun peşəkar etika kodeksi
 
«Azadlıq» radiosunun bütün müxbirləri, ştatdankənar əməkdaşları və təhlilçiləri bu prinsiplərə riayət etməlidirlər:
 
Dəqiqlik
 
  • «Azadlıq» radiosunun müxbirləri və təhlilçiləri mümkün olan hər şeyi etməlidirlər ki, radionun yayım və çap materiallarında məlumatların dəqiqliyi təmin olunsun. Məlumatların dəqiqliyinə şübhə varsa, bu məlumat azı iki müstəqil mənbə ilə dəqiqləşdirilməlidir.
  • Kifayət qədər təsdiqlənməmiş və ya şayiələrə əsaslanan məlumat efirə verilə bilməz.
  • Səhv verilmiş istənilən məlumat mümkün olan ən qısa müddətdə düzəldilməlidir.
 
Tərəfsizlik
 
  • İnformasiya konkret faktlarla verilməli, heç bir təhrif və ya qərəz olmadan auditoriyanın hadisələri və problemləri qavramasına yardım edilməlidir.
  • Jurnalistlər və təhlilçilər müzakirə olunan bütün məsələlər üzrə müxtəlif, o cümlədən bir-birinə əks olan fikirləri dəqiq və balanslı şəkildə təqdim etməlidirlər. Balansı təmin edərkən fikirləri mühüm olan insanlar və ya qruplar şərh verməzlərsə, bu barədə efirdə məlumat verilməlidir.
  • «Azadlıq» radiosu hakimiyyətdə və ya müxalifətdə olmasına baxmayaraq, bütün siyasi partiyalardan azaddır. «Azadlıq» radiosu heç bir mühacir cəmiyyətindən, kommersiya şirkəti və ya xüsusi maraqları təmsil edən başqa birliklərdən və dini təşkilatlardan asılı deyil. Radiostansiya hər hansı bir xüsusi siyasi, iqtisadi və ya dini mövqeləri dəstəkləmir və təbliğ etmir.
 
Verilişlərin aparılması tonu
 
  • Yayım və çap materialları sakit, mülayim tonda, mədəni, ölçülüb-biçilmiş nitqin nümunəsi olmalı, insan haqlarına hörməti nümayiş etdirməlidir. Proqramlarda hansısa bir qrup və ya fərdə qarşı dini, etnik, sosial-iqtisadi zəmində etinasızlıq, təhqiredici fikirlər olmamalı, hamı tərəfindən qəbul edilmiş etiket normaları qorunmalıdır.
  • Yayım və çap materiallarında zorakılığın, düşmənçiliyin qızışdırılması kimi qavrana biləcək materiallar olmamalıdır. Münaqişələr və ya gərgin vəziyyətlər haqqında istənilən məlumat balanslı olmalı və faktlara əsaslanmalıdır.
 
Təbliğat aparmama
 
  • «Azadlıq» radiosu demokratik cəmiyyətlərə xas demokratik prinsipləri və insan haqlarına riayət olunmasını dəstəkləyir. Amma konkret siyasi və ya qanunvericilik qərarlarının qəbulunun lobbiçiliyini aparmır, rəsmi vəzifələrə seçilən və ya təyin olunan namizədləri dəstəkləmir və onlara qarşı kampaniya aparmır.
  • «Azadlıq» radiosu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun Aktında təsbit olunan bütün xalqların öz müqəddəratını təyinetmə haqqını dəstəkləyir. Bununla belə, radiostansiya yayım və çap materiallarında separatizm təmayüllərini şirnikləndirməməli, təbliğ etməməlidir.
  • «Azadlıq» radiosu beynəlxalq normalara uyğun olaraq bütün insanların sərbəst hərəkət və miqrasiya azadlığını dəstəkləyir. Buna baxmayaraq, radionun yayım və çap materiallarında ölkədən qaçma, miqrasiya təşviq olunmamalıdır.
 
Davranış etikası
 
«Azadlıq» radiosunun ştatlı və ştatdankənar əməkdaşları öz davranışlarında etik normalara riayət etməli, başqa şəxslər və təşkilatlarla münasibətdə maraqların toqquşmasından, ya da belə maraq toqquşması yarada biləcək vəziyyətlərdən qaçmalıdırlar. Əməkdaşlar heç bir halda – nə şəxsi varlanma naminə, nə başqa xeyir güdərək – özlərini və «Azadlıq» radiosunu bu və ya başqa şəkildə ictimai hörmətdən sala biləcək hərəkətə yol verməməlidirlər.